İyunun 15-də “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının 4 ili tamam olacaq.
Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacib idi. Bu uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaratmaqdadır.
Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstəyin daha genişləndirilməsi anlamına gəlir. Qardaş ölkələr növbəti illərdə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradır.
Təbii ki, ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir.
2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur.
Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 2.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq.
Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır.
Milli Məclisin deputatı Vüqar Bayramov
Mənbə: Facebook