“Yazırlar ki, Xalq şairimiz Hüseyn Arif cavanlıq illərində ov etməyi çox sevərmiş. Ovçuluq onun gənclik dövrünün ən sevimli məşğuliyyəti, şairin ruhuna yaxın bir peşə imiş. Hüseyn Arif bu “sənətin” incəliklərinə dərindən bələd olar, atdığı güllələr isə çox nadir hallarda hədəfdən yayınarmış. Bəzən elə olurmuş ki, şairin gülləsinə boğaz olan, yanında südəmər balası olan heyvanlar da tuş gəlirmiş. Belə hallarda şairin anası Qəndab ana onu ciddi şəkildə tənbeh edər, hamilə heyvanlara toxunmamasını bərk-bərk tapşırarmış. Deyərmiş ki, Hüseyn, balası olan heyvana dəyməzlər, toxunmazlar. Dilim-ağzım qurusun, heyvanın ahı səni tutar, Allah da səni balasız qoyar…”
Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycanın görkəmli şairi Hüseyn Arifin doğum günü ərəfəsində jurnalist Məcid Rəşadətoğlu paylaşım edib.
Şair haqqında xatirələrdə eyni zamanda qeyd olunur ki, Hüseyn Arif gənclik illərindən ovçuluqla bərabər, sözə, şeirə, ədəbiyyata da dərin maraq göstərən şair ailə həyatı qurur və onun bir oğlu olur, adını Arif qoyurlar. İllər keçir, Hüseyn Arif yaşa dolur və artıq Azərbaycanın tanınmış şairləri sırasında yer alır. Xasiyyətcə deyib-gülən, zarafatcıl insan olan şairin həyatında, 50 yaşında ikən, elə bir hadisə baş verir ki, taleyinin çərxi-fələyi tərsinə dönür. Gözünün ağı-qarası olan oğlu Arif avtomobil qəzasında dünyasını dəyişir. Oğlunun ölümündən sonra şair “Arif” adını özünə təxəllüs götürür. Övlad itkisi Hüseyn Arifin ürəyinə elə bir qor basır ki, illər keçsə də bu dərdi unuda bilmir. Dostları ilə söhbətlərində tez-tez ov etdiyi illəri yada salır, anasının ona dediyi sözləri xatırlayır, oğlunun ölümündə dilsiz-ağızsız heyvanların ahını təqsirli bilir… Bu hisslər şairin “Bir dağ kəli yaraladım zirvədə” adlı şeirində də öz əksini tapıb.
Bir dağ kəli yaraladım zirvədə,
Baş titrədi, ayaq əsdi, daş axdı,
Bir canlını candan saldı bir zədə,
İki gözdən iki damla yaş axdı.
* * * * * * *
Düşünmədim, anadır, ya baladır,
Ovçu atar ov bərədən keçəndə.
Ala tula qanlı daşı yaladı,
O sönürdü tikanlığın içində.
* * * * * * *
Qabaqlaşdıq sökülməmiş qızıl dan,
Mən silahlı, o silahsız bu yerdə.
Yarı yolda ayrı düşdü qatardan,
Mən günahlı, o günahsız bu yerdə.
* * * * * * *
Öz halına təkcə özü ağladı,
Kimi var ki, kim dayana yanında?
Dil uzadıb, nəm torpağı yaladı,
Sumu keçdi xəyalından son anda?
* * * * * * *
Dodaq yanır, yanaq yanır, üz yanır,
Buludumu, dumanımı əyləsin?
Boylandıqca baxış yanır, od yanır,
Bu yanğıyla sellər, sular neyləsin?
* * * * * * *
Ağır-ağır dartıb bükdü dizini,
Muncuqladı kirpiklərdə donan tər.
İndən belə toz basacaq izini,
İndən belə nə yürüş var, nə səfər.
* * * * * * *
Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, qısa elə sözünü,
Bu qan səni tutasıydı, tutdu da…
“Bu qan səni tutasıydı, tutdu da…” Bəli, bu qan Hüseyn Hüseynzadəni “tutdu”. Oğlu Arif 21 yaşında avtomobil qəzasında həlak oldu. Bundan iki il sonra Azərbaycan ədəbiyyatında qələmi qan ağlayan Hüseyn Arif “doğuldu”:
Arif gedən gündən Hüseyn adlı,
Bir kədər şairi gəldi dünyaya.
Dərdini içində yaşayıb, ürəyini kağıza tökən şair “Oğluma” adlı şeirində özünə belə etiraf edirdi:
Əzəl ovçuluğa saldım meylimi,
Tikanı tapdayıb, budağı əydim.
Aşırıb boynumdan qoşalüləni,
Meşələr qoynunda özümə bəydim.
Dolu da başlayıb, külək də əsib,
Dovşan da atılıb, qurd da tələsib,
Ağacda turacın üstünü kəsib,
Qayada kəkliyin xətrinə dəydim.
Azmı peşimanam öz əməlimdən,
Əbəs ələnməyib saçlarıma dən?!
Xəlvəti açılan bir gülləylə mən,
Məğrur dağ kəlinin qəddini əydim.
Sevinci yarıda verməzdim bada,
Ağrını, acını salmazdım yada,
Alagöz ceyranın bir dar məqamda,
Ömrünü yarıda bitirməsəydim.
Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim,
Səksənə, doxsana, yüzə dözərdim,
Əllidə Arifi itirməsəydim…