29 C
Baku
10 İyul 2025, 20:04
Baş xəbərSiyasət

“Xankəndi şəhərində ECO-nun sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsindən danışıb.

Millət vəkili qeyd edib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.

Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Ölkəmiz ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

Bu gün – iyulun 4-də Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sammitin Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Xankəndi uzun illər işğal altında olub və erməni separatizmi qədim şəhərimizi öz yuvasına çevirmişdi. Artıq 2023-cü ildən Xankəndi azaddır. Azadlığına qovuşduqdan sonra Xankəndi genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılacaq müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür.

Xankəndi şəhərində ECO-nun sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır. Artıq bu torpağın gerçək sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağıdır. Bütün dünya bilsin ki, biz bu torpaqlara əbədi qayıtmışıq.

Aynur Camal

Oxşar xəbərlər

Binanın zirzəmisində yanğın oldu

Bugün TV

Bir iş yerindən 12 ton 650 litr qaçaq yanacaq ələ keçirildi

Aynur Camal

“Biz birlikdə daha yaxşı bir dünya formalaşdırırıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu