Avstraliyanın Melburn yaxınlığındakı sahil ərazilərindən birində təhlükəli dəniz hadisəsi baş verib.
Yerli mətbuatın məlumatına görə, 13 yaşlı Austin Appelbee ailəsi ilə birlikdə sahildə istirahət edərkən qəfil yaranan güclü axıntı və dalğalar nəticəsində dənizə doğru sürüklənib.
Hadisə zamanı ailə üzvləri – anası, 12 yaşlı qardaşı və 8 yaşlı bacısı sahildən uzaqlaşaraq açıq dənizdə köməksiz vəziyyətdə qalıb. Dənizdə xilasetmə qayığı və ya dərhal müdaxilə edə biləcək vasitə olmadığından, vəziyyət getdikcə daha da təhlükəli hal alıb.
Bu zaman Austin Appelbee ailəsini xilas etmək üçün riskli qərar verib. O, ailə üzvlərini dənizdə nisbətən təhlükəsiz nöqtədə saxladıqdan sonra, təxminən 4 kilometr məsafəni saatlarla üzərək sahilə çatıb və dərhal xilasedicilərə xəbər verib. Məhz onun vaxtında göstərdiyi bu cəsarət sayəsində xilasetmə qrupları hadisə yerinə yönləndirilib və ailə üzvləri sağ-salamat sudan çıxarılıb.
Rəsmi qurumlar hadisə zamanı heç kimin ciddi xəsarət almadığını açıqlayıb. Yerli hakimiyyət orqanları 13 yaşlı yeniyetmənin soyuqqanlı və cəsarətli davranışını yüksək qiymətləndirərək, bu hadisəni “nadir qəhrəmanlıq nümunəsi” adlandırıb.
Hadisə Avstraliya mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurub, eyni zamanda dəniz təhlükəsizliyi və xəbərdarlıq sistemləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: World News
