Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıda keçirilən Global Baku Forumun beynəlxalq dialoq və əməkdaşlıq baxımından mühüm platforma olduğunu bildirib.
Onun sözlərinə görə, İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum artıq regional və qlobal səviyyədə nüfuzlu diplomatik platformalardan birinə çevrilib.
Deputat qeyd edib ki, forum çərçivəsində dünya birliyini narahat edən aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar geniş şəkildə təhlil edilir. Prezident İlham Əliyev də forumun açılış mərasimində çıxışı zamanı dəyişən beynəlxalq şəraitdə belə platformaların əhəmiyyətini xüsusi vurğulayıb.
Bildirilib ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Global Baku Forum müxtəlif ölkələrin nümayəndələri üçün fikir mübadiləsi aparmaq və ortaq yanaşmalar formalaşdırmaq baxımından mühüm rol oynayır.
Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər mühüm mövzular üzrə müzakirələr aparılıb. Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.
Deputat vurğulayıb ki, dünyada geosiyasi gərginliyin artdığı bir dövrdə Bakıda belə genişmiqyaslı beynəlxalq tədbirin keçirilməsi mühüm addımdır və Azərbaycanın qlobal dialoqa verdiyi töhfənin göstəricisidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib.
