Yaponiya hökuməti və enerji tənzimləyici qurumları 15 ildən artıqdır fəaliyyət göstərməyən Kashiwazaki-Kariwa nüvə elektrik stansiyasının yenidən istismara verilməsinə razılıq verib. Yaponiyanın Niigata prefekturasında yerləşən bu obyekt dünyanın ən böyük nüvə elektrik stansiyası hesab olunur və onun yenidən işə düşməsi ölkənin enerji siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Al Jazeera-nın məlumatına görə, stansiya 2011-ci ildə Fukusima nüvə fəlakətindən sonra təhlükəsizlik səbəbilə tam dayandırılmışdı. İndi isə Yaponiya hakimiyyəti enerji çatışmazlığı, artan elektrik tələbatı və idxal olunan yanacaqlardan asılılığın azaldılması məqsədilə bu qərarı verib. Rəsmi qurumlar bildirirlər ki, obyekt beynəlxalq təhlükəsizlik standartlarına uyğun yenilənib və əlavə seysmik qoruyucu sistemlərlə təchiz olunub.
Bununla belə, qərar ölkə daxilində birmənalı qarşılanmayıb. Yerli əhali və ekoloji fəallar stansiyanın zəlzələ zonasına yaxın yerləşməsini əsas gətirərək ciddi narahatlıq ifadə edirlər. Etirazçılar mümkün qəzanın ağır nəticələrə səbəb ola biləcəyini bildirir və hökuməti alternativ enerji mənbələrinə üstünlük verməyə çağırırlar.
Analitiklər isə hesab edirlər ki, Kashiwazaki-Kariwa AES-in yenidən fəaliyyəti Yaponiyanın enerji təhlükəsizliyini gücləndirsə də, ictimai etimadın bərpası əsas çağırış olaraq qalır.
Mənbə: Aljazeera.Com
