22 C
Baku
12 Oktyabr 2025, 19:31
Baş xəbər

18 Sentyabr -Milli Musiqi Günüdür

“Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyidir” Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı fəlsəfə doktoru, siyasi ekspert Etibar Əliyev sosial media hesabında paylaşıb.

Dahi Üzeyir Hacıbəyov belə vurğulamışdı: “Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün-sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək.”

Üzeyir bəyə sual verirlər: “Leyli və Məcnun necə yaranmışdır? Üzeyir bəyin cavabı belə olur: “Mən Opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə mən 13 yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” səhnəsini gördükdən sonra yaranmışdır.”

Böyük Üzeyir bəyin Aram Xaçaturyanla bağlı əhvalatı: “Mərkəzi Komitədən tapşırıq gəldi ki, bəstəkar Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura tərəfindən qəbul edilib təsdiq edilsin.” Professor-müəllim heyəti toplaşıb Xaçaturyanın simfoniyasına qulaq asıblar. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr başlayıb. Hamı toplaşır. Divar boyu düzülmüş stullarda əyləşirlər. Xaçaturyanı baş tərəfdə oturdurlar.

Üzeyir bəy: “Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.” Otağı bürüyən sükutu Xaçaturyanın addım səsləri pozub. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxıb. Bu, onun Azərbaycandan axırıncı gedişi olub…

DAHİ ÜZEYİR BƏY İSTEDADI NECƏ TAPIRDI

Böyük Bəstəkar, pedaqoq, Xalq artisti Cövdət Hacıyev: “Üzeyir Hacıbəyovla ilk görüşüm 1926-cı ildə oldu. Valideynlərim mənə musuqi təhsili vermək və hər hansı bir musiqi alətində çalmağı öyrənməyimi istəyirdilər. Anam məni Lermontov küçəsində yerləşən musiqi məktəbinə apardı; o illərdə bu məktəbdə həm də konservatoriya yerləşirdi. Məktəbə daxil olduqda anam direktorun qapısını döydü. Qapını Üzeyir Hacıbəyovun özü açdı, gülümsəyərək bizi içəriyə dəvət etdi. O, anamın xahişini dinləyərək dedi:

-Çox yaxşı ki, Siz gəlmisiniz, Deməli, bu uşaq musiqiçi olmaq istəyir? Nə edək, bu çox böyük və gözəl arzudur. Hansı alətdə çalmaq istəyirsən?-deyə Üzeyir bəy mənə tərəf döndü. Özümü itirərək anama sarı döndüm. Üzeyir bəy bunu hiss edərək dedi:

-O, skripkada çalacaq. Mən də nə vaxtlarsa skripkada çalırdım, sonra musiqi yazmağa başladım və bəstəkar oldum. Sən də bəstəkar olacaqsan, bunun üçünsə çoxlu məşğul olmaq, əziyyət çəkmək lazımdır. Üzeyir bəyin çağırışı ilə kabinetə hündürboylu bir adam daxil oldu. Bu professor S. Bretanski idi.

-Semyon Leontoviç, budur, gələcəyin bəstəkarı, ona hər bir şeyi öyrədin.” Beləliklə, mən musiqi məktəbinə qəbul olundum.

Üzeyir bəyin faytonçuya bağışladığı ayaqqabı

Mirzə ibrahimov yazır: “Üzeyir Hacıbəyov danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir. Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox… Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.

Neçəyə aparırsan?- deyib soruşur.

faytonçu “filan qədər verərsən” dedikdə, Üzeyir bəy təzəcə geydiyi ayaqqabısını göstərir:

-Xoşuna gəlir? 

Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:

-Gəlin oturun!

Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir ayaqqabıları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı “Nicat” adlı Xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu.”

Bütün dahilərin həyatı gənclərə öyrədilməlidir.

P.S. Bu cür mətnlər dərsliklərə salınmalıdır. Örnək, Örnək, yenə də, Örnək…

Üzeyir Hacıbəyovun tələbələri: Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və başqaları.

Zəruri qeyd: Əsər Azərbaycan Respublikasının Əməkdar Rəssamı, deputat Ülviyyə Həmzəyevaya məxsusdur.

Aynur Camal

Oxşar xəbərlər

Narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanıldı

Kəmalə Sultan

Xəstəxanada bir pişiyi kompüter tomoqrafiyası apardığı üçün həkim qanuni tədbirlərlə üzləşib

Aynur Camal

Rusiya almazlarına sanksiya tətbiq edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu