4 C
Baku
6 Dekabr 2022, 14:54
Baş xəbər

1988-ci ildən başlayaraq Qubadlıda dinc əhaliyə qarşı terror aktları sistemli şəkildə davam etdirilib

 Hələ ötən əsrin əvvəllərində Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Həmin dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.

1988-ci ildən başlayaraq həm Ermənistanla, həm də Qarabağın ermənilər yaşayan əraziləri ilə sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar həyata keçirilib, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar. Rayonun 1,2 milyard ABŞ dolları dəyərində şəxsi və ictimai mülküyyətdə olan əmlakı erməni işğalçıları tərəfindən talan və məhv edilib. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər.

Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir. Həmçinin Ölkə Prezidenti 25 oktyabr tarixinin ümumiyyətlə Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu qeyd etmişdi. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açılıb və bir neçə gündən sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad edib. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Həqiqətən də, bundan bur neçə gün sonra, noyabr ayının 8-də Şuşa işğaldan azad olundu və iki gün sonra düşmən kapiyulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Qeyd edək ki, bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır və buna paralel olaraq, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. O cümlədən ötən il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Yeni hərbi hissə Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla sərhəddimizin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin etmək məqsədilə yaradılmışdır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Ələbəttə ki, bütün bu vasitələr erməni faşizminin revanşist ideyalarını səsləndirməkdə davam edən məsuliyyətsiz dairələr üçün ciddi xəbərdarlıqdır.

Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır.

Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini.

Oxşar xəbərlər

Ukraynada baş verənlər “xüsusi əməliyyat” deyil, müharibədir

Sabina Uğur

“Müstəqillik Gününüz Mübarək Qardaş Azərbaycan”

Aynur Camal

Yuri Şatunov dünyasını dəyişdi.

Könül Kərimova