“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyinin birbaşa əmri ilə Azərbaycan xalqına qarşı ağır cinayət törədildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi əsasında qoşun hissələri Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi, nəticədə dinc əhali kütləvi şəkildə qətlə yetirildi. Bu hadisə Azərbaycan tarixində 20 Yanvar faciəsi kimi qanlı səhifə açdı”.
Bugun.tv– xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşım edib.
Deputat vurğulayıb ki, faciəyə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndər Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin şəkildə tənqid edərək, baş verənlərə rəsmi izahat verilməsini tələb etdi və Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırdı.
Bu gün isə şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu və ölkəmizin bütün ərazilərində üçrəngli Dövlət Bayrağımız dalğalanmağa başladı.
Hazırda işğaldan azad edilən ərazilərdə 70 minə yaxın vətəndaşımız yaşayır və çalışır. Bu ilin sonunadək isə 150 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq yaşaması və işləməsi nəzərdə tutulur. Otuz il işğal altında qalan, tamamilə dağıdılan torpaqlarımız bu gün sürətlə bərpa edilir, yenidən qurulur. Qarabağ artıq Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və can sağlığı diləyirik.
