Politoloq Aqil Məmmədovun fikrincə, 2026-cı il yanvarın 1-dən ölkədə elektrik və qaz abonentləri üçün yeni aylıq xidmət haqqı tətbiq olunacaq. Hər abonent evdə olub-olmamasından asılı olmayaraq, sistemə qoşulması şərti ilə aylıq 2 AZN, illik isə 24 AZN ödəyəcək.
Rəsmi statistikaya görə, Tarif Şurasının qərarı ilə aylıq 5-6 milyon, illik isə təxminən 70 milyon AZN vəsait “Azərişıq” və “Azəriqaz”ın balansına daxil olacaq. Hazırda ölkədə qaz və elektrik abonentlərinin sayı 5 milyondan çoxdur.
Politoloq Aqil Məmmədov həmçinin paylaşımında qeyd edir ki, kommunal xidmətlərdən gəlirlər mövsümi dəyişikliklərdən asılıdır: yay aylarında ödənişlər azalır, qış aylarında isə artır. Lakin xidmət əməkdaşlarının və infrastrukturun saxlanması xərcləri mövsümdən asılı olmayaraq davam edir. Yeni 1 AZN-lik tarif bu xərclərin kompensasiyasına və qurumlara stabil əməliyyat gəliri təmin etməyə imkan verəcək.
Aqil Məmmədov əlavə edib ki, tariflərin tətbiqi “Azərişıq” və “Azəriqaz” üçün təhlükəsizlik yastığı rolunu oynayacaq, satışdan asılı olmayaraq stabil gəlir əldə etmələrinə şərait yaradacaq. Paralel olaraq, vətəndaşlar 2026-cı ildən daha yüksək və operativ xidmət gözləyə bilərlər.
