Bugun.tv xəbər verir ki, ABŞ-da bir şəxsin illər əvvəl aldığı və uzun müddət samanlıqda saxladığı 2 min ədəd köhnə kompüter 23 ildən sonra ona gözlənilməz gəlir gətirib.
Ensonhaber-in yaydığı məlumata görə, Ceyms Pelleqrini 1980-ci illərin ortalarında texnologiya bazarında uğur qazanmaq ümidi ilə çoxlu sayda köhnə kompüter alıb. Lakin gözlədiyi nəticəni əldə edə bilmədiyindən cihazlar uzun müddət bir tanışının samanlığında saxlanılıb.
İllər sonra taxta tikilinin yararsız vəziyyətə düşməsi və dağılma təhlükəsi yaranması Pelleqriniyə kompüterləri satmaq qərarı verdirib. O, cihazları “eBay” platformasında satışa çıxarıb. Köhnə texnologiyalara maraq göstərən kolleksiyaçıların diqqətini çəkən bu avadanlıqların satışından 45 min avrodan çox gəlir əldə edilib.
Kompüterlərin arasında “NABU” adlı erkən internet sisteminə aid cihazlar da olub. Vaxtilə geniş yayılmayan bu texnologiya illər sonra kolleksiyaçılar üçün maraqlı əşyaya çevrilib.
Beləliklə, sahibinin uzun müddət dəyərsiz hesab etdiyi kompüterlər onilliklər sonra gözlənilməz qazanc mənbəyinə çevrilib.
Mənbə: Ensonhaber
