Bugun.tv– xəbər verir ki, “28 May” Mədəniyyət Evində Qubadlı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxışını öz sosial media hesabında paylaşan Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, tədbir çərçivəsində Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi əks etdirən “Zəfərə gedən yol” adlı videoçarx nümayiş olunub. Videoçarxda hər kadr xalqımızın mərdliyini, Ordumuzun gücünü və şəhidlərimizin qəhrəmanlıq dastanını özündə əks etdirirdi.
Tədbirdə Ordumuzun şücaətindən, qəhrəman əsgər və zabitlərimizin igidliyindən, həmçinin şəhidlərimizin cəsarət və fədakarlığından geniş şəkildə bəhs olundu. Bu anlar bir daha göstərib ki, Azərbaycan xalqı azadlıq və torpaq uğrunda canından keçməyi özünə şərəf bilir.
Belə tədbirlər xalqımızın milli ruhunu, dövlətə və orduya olan sədaqət hissini daha da gücləndirir, şəhidlərimizin əziz xatirəsini yaşadır və gələcək nəsillərə vətənpərvərlik dəyərlərinin aşılanmasına mühüm töhfə verir. Bu cür tədbirlər həm də gənclərimizin vətənə sevgi, dövlətə sədaqət, şəhidlərə ehtiram kimi ali mənəvi dəyərlərlə böyüməsinə xidmət edir.
Bu Qələbənin əldə olunmasını Ali Baş Komandanımızın uzaqgörən siyasətinə, xalqımızın sarsılmaz birliyinə və şanlı Ordumuzun qəhrəmanlığına borcluyuq. Bu birlik və əzm sayəsində Azərbaycan tarixinin ən parlaq səhifəsi yazıldı.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulayırıq.
Zəfər Bayramınız mübarək!

