Ən son Qlobal Qida Böhranı Hesabatı bütün dünyada aclıqla üzləşən insanların sayında narahatlıq doğuran artımı ortaya qoyub. Qlobal Qida Böhranları Hesabatı (GRFC) yeni məlumatları açıqlayıb.
Müvafiq olaraq, dünyada aclıq və bununla bağlı ölüm riski artır.
2024-cü ilin məlumatlarına əsaslanan təhlil, münaqişələrin artması, humanitar yardımın kəskin şəkildə kəsilməsi, iqlim və iqtisadi sarsıntıların təsiri səbəbindən əlavə 13,7 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyini göstərdi.
Bu, ardıcıl olaraq altıncı ildir ki, artımdır.
GRFC ekspertləri tərəfindən tədqiq edilən 53 ölkədən insanların 22,6 faizi – ümumilikdə 295,3 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşir.
BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Təsnifatı (IPC) sisteminə görə, aclıq, ölüm və ağır qidalanmanın daxil olduğu “fəlakətli” kateqoriyaya düşən qrup son bir ildə iki dəfədən çox artıb.
Bu qrupun 95 faizindən çoxu Qəzza zolağında və Sudanda yaşayır. Bununla belə, Haiti, Mali və Cənubi Sudan da oxşar böhranların yaşandığı regionlar sırasındadır.
Sudanda davam edən vətəndaş müharibəsi 24 milyondan çox insanı kəskin ərzaq çatışmazlığı ilə üz-üzə qoyub, ölkədə rəsmi olaraq aclıq elan edilib.
Qəzza zolağında da vəziyyət pisləşib. Mütəxəssislər Qəzza əhalisinin yarısının IPC tərəfindən müəyyən edilmiş “fəlakətli” aclıq səviyyəsini yaşadığı barədə xəbərdarlıq ediblər.
“Martın əvvəlində bütün sərhəd keçid məntəqələrinin bağlanması və iki aylıq atəşkəsin başa çatması ilə Qəzzaya ərzaq məhsullarının girişi ciddi şəkildə məhdudlaşdırılıb”, – hesabatda deyilib.
Ötən həftə dərc olunan IPC hesabatı da bu vəziyyəti təsdiqləyir. Hesabata görə, İsrailin davam edən blokadası səbəbindən 2,1 milyon fələstinli aclıq təhlükəsi ilə üzləşib.
GRFC ekspertləri həmçinin Myanma, Nigeriya və Konqo Demokratik Respublikası kimi ölkələrdəki münaqişələr nəticəsində ərzaq təhlükəsizliyinin ciddi şəkildə pozulduğunu bildirdilər.
Araşdırmada vurğulanıb ki, iqlim böhranı qida böhranını da dərinləşdirir. Xüsusilə Efiopiya, Keniya, Somali, Əfqanıstan və Pakistanda quraqlıq riskinin artdığı qeyd edilib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də daxil olmaqla, bir çox qurumun maliyyə vəsaitlərini geri çəkdiyi üçün təkcə bu il 14 milyondan çox uşaq üçün qidalanma xidmətlərinin kəsildiyi də bildirilir.
Bu, Sudan, Yəmən və Haiti kimi ölkələrdə milyonlarla uşağı ağır qida çatışmazlığı və ölüm riski ilə üz-üzə qoyub.
GRFC hesabatı göstərir ki, bu yardımların kəsilməsindən əvvəl də tədqiq edilən 53 ölkənin demək olar ki, yarısında qidalanma böhranları mövcud olub.
Mənbə: EnSonHaber