Zəlzələ zamanı baş vermiş dağıntılar altından indiyə qədər 1 396 uşaq çıxarılıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyindən verilən məlumata əsasən, onlardan 300-ə yaxın uşağın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edilir ki, hazırda 721 uşağın müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra nazirliyin müəssisəsinə göndərilib. Eyni zamanda 508 uşaq ailəsinə təhvil verilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.