Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsi ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Bölgəsi sərhədi yaxınlığında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Digər tərəfdən ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 6,8 olaraq ölçüb və zəlzələnin mərkəzinin sərhədin Tacikistan tərəfindəki Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu qeyd edib.
Tacikistanda baş verən zəlzələ Qırğızıstanın böyük şəhərlərində də hiss olunub.
Tacikistanın şərqində yerli vaxtla saat 06:37-də baş verən zəlzələ Qırğızıstanın Oş və Bişkek şəhərlərində də hiss olunub.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Tacikistanın şərqində baş verən zəlzələnin Qırğızıstanın Oş vilayətinin Alay rayonunun Bor-Dobo kəndində 4,5 bal gücündə hiss edildiyi bildirilib. Nura və Erkeştam kəndlərində isə 4 bal gücündə olub.
Paytaxt Bişkekdə də hiss edilən zəlzələdən sonra bəzi vətəndaşların binalardan küçələrə çıxdığı müşahidə edilib.
Milli Elmlər Akademiyası Seysmologiya İnstitutu zəlzələnin episentrdə 8 bal olduğunu açıqlayıb.