Bugun.tv xəbər verir ki, deputat Vüqar Bayramov Prezidentin Bolqarıstana səfiri ilə bağlı facebook səhifəsində iki ölkə arasındakı ticarət əlaqələri barədə paylaşım edib.
Onun sözlərinə görə, Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb.
“Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındadır. İki ölkə arasındakı ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb”.
O xatırladıb ki, 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsi ilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstan 1 milyard kub metrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün olub. Bunu Avropa rəsmilərinin etiraf etməsi də məhz ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir.
“İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Bu gün eyni zamanda Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geo-siyasi və geo-iqtisadi mövqeyi möhkəmlənməkdədir”.