Bugun.tv xəbər verir ki, işğaldan sonra evlərini tərk edən 5,5 milyon ukraynalının müharibə təhlükəsinə baxmayaraq vətənlərinə qayıtdığı bildirilib.
Amerikanın “New York Times” qəzetinin yazdığına görə, Ukraynanın şərqində Rusiyanın işğalı davam edərkən, insanlar nəinki paytaxt Kiyev və Dnepr kimi böyük şəhərlərə, hətta cəbhə xəttindən cəmi 50 km aralıda yerləşən yaşayış məntəqələrinə qayıtmağa üstünlük verirlər.
Döyüş xəttindən təxminən 50 kilometr aralıda 60 min əhalisi olan Pokrovsk ötən yay demək olar ki, tamamilə boş idi. İndi küçədə kimisə görmədən bir neçə addım atmaq mümkün deyil. Ancaq keçən illə müqayisədə çox şey dəyişməyib. Cəbhədə şiddətli döyüş gedir, yenə Rusiya daha çox ərazi ələ keçirmək üçün hücuma keçir, ukraynalılar müdafiə edir. Lakin təhlükə davam etsə də, dinc sakinlər evlərinə qayıtmağa başlayıblar.
Müharibə başlayanda Ukraynada daha təhlükəsiz yerə qaçan ailə həkimi Nataliya Nedvediyeva “Müharibə davam edir. Ukraynada təhlükəsiz yer yoxdur. Beləliklə, müharibə ilə yaşamağa alışmalı olacayıq” deyib.
Şəhərin kiçik vağzalında mühəndis işləyən Pavel Rudiev isə deyir: “Evdə olmağın necə olduğunu təsvir etmək çətindir, amma burada hər şey tanışdır, insanları tanıyırsan, dostların var”.
“New York Times” qəzetinin yazdığına görə, müharibə bölgəsində insanlar eyni anda iki düşüncə ilə yaşayırlar: “Həyatınızı bacardığınız qədər dolu və zəngin yaşayın və eyni zamanda alt-üst olacağını unutmadan həyatınızı planlaşdırın”.