Bugun.tv-yə müraciət edən İmişli rayon sakini Ənvər Qəribov əmək münasibətlərinin pozulduğunu iddia edir. Belə ki, işindən 6 aydan tez ayrılan vətəndaş ona son haqq-hesabın təyin olunmadığından şikayətçidir.
Bugun.tv bu məsələni əlaqədar qurum olan Dövlət Əmək Müfəttişliyi ilə araşdırıb. Məlum olub ki, Əmək Məcəlləsinin 83-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi və sənədləşdirilməsi qaydaları öz əksini tapıb. Həmin maddəyə əsasən, işçiyə işdən çıxan zaman son haqq-hesab ödənməlidir. Lakin işçi 6 ayı tamam olmadan işdən ayrılanda bu pul ona verilmir.
Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ, əmək müqaviləsi bağlanan gündən etibarən 6 ay işlədikdən sonra yaranır. Bəs, işçinin işinə xitam verildiyi təqdirdə ona əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidirmi?
Dövlət Əmək Müfəttəşliyinin mətbuat katibi Aynur Osmanqızının sözlərinə görə, son haqq-hesab işçinin neçə ay işləməyindən asılı olmayaraq, nə vaxt onun əmək müqaviləsinə xitam verilirsə, həmin gün də ona təqdim olunur və son haqq-hesabı da ödənilir. “Fərq etmir, işçi 1 ay, 3 ay, 6 ay və yaxud da 1 il, 3 il, 5 il işlədi. Bundan asılı olmadan işçinin əgər əmək müqaviləsinə xitam verilirsə, bu halda qeyd etdiyimiz sənədlər ona işdən çıxdığı gün verilir. Son haqq-hesabı da istifadə eidlməmiş əmək məzuniyyətinə görə ödənilən pul əvəz edir”.
