Bugun.tv xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə dövri olaraq rəy sorğuları keçirir.
2024-cü ilin fevral ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına insanların 78.2%-i “bəli, dəstəkləyirəm”, 19.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3% cavab verməkdə çətinlik çəkib.
Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddu
Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, respondentlər arasında yaş artıqca sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır. Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilər ilə müqayisədə daha çox üstünlük təşkil edir.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.