Bugun.tv– xəbər verir ki, bu gün SEVİNC MALL-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) 40 illiyinə həsr olunmuş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Hesabat–Seçki Konfransı təşkil edilib.
Tədbir “Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin icraçı direktoru Aygün Əliyevanın təbrik nitqi ilə açılıb. O, AMKA-nın uzun illər ərzində gördüyü işləri yüksək qiymətləndirərək, yubiley münasibətilə Assosiasiyanı Agentliyin plaketi ilə mükafatlandırıb. Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəhman Hüseynov, TOP 100 Klubunun prezidenti Zamir Hüseynov, AMKA-nın ilk illərindən fəaliyyətdə olan Ağadayı Ələkbərov və digər rəsmi şəxslər çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Konfransda həmçinin Bərdə Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, Qarabağ Peşə Hazırlığı Mərkəzinin direktoru Çinarə Əliyeva, mütəxəssislər və tanınmış aşpazlar, eləcə də Türkiyə Aşçılar Birliyinin nümayəndələri iştirak ediblər. Çıxışlarda gənc kulinarların peşəkar inkişafının dəstəklənməsi, milli mətbəxin qorunması və təbliği əsas mövzulardan olub.
Çempionatda Bakı, Sumqayıt, Bərdə, Tərtər, Qəbələ, Neftçala, Şabran, İsmayıllı və digər bölgələrin ali və peşə təhsili müəssisələrində təhsil alan gənc kulinarlar iştirak ediblər. Müsabiqənin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb.

Çempionatın nəticələri:
Paxlavanın qatlarına görə — I yer: Azərbaycan Dövlət Pedaqoji Universiteti
Yaradıcılığa görə — I yer: İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
Ən bol çeşid və süfrə görünüşünə görə — I yer: Bərdə Peşə Təhsil Mərkəzi
Qozlu paxlavaya görə — I yer: Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə BDPTM
Region paxlavasına görə — I yer: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Təqdimata görə — I yer: Neftçala Peşə Məktəbi
Qeyd edək ki, tədbir gənc kulinarların bacarıqlarının nümayişi və milli kulinariya ənənələrinin təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

