Politoloq Aqil Məmmədovun sosial media hesabında paylaşdığı məlumata görə, Volqoqraddan yola çıxan buğda dolu qatar Azərbaycan ərazisi üzərindən tranzitlə Ermənistana göndərilir. Məlumata əsasən, ilin sonuna qədər bu marşrut üzrə 30 vaqon buğdanın Ermənistana çatdırılması planlaşdırılır.
Paylaşımda qeyd olunur ki, Rusiya tərəfi 2026-cı ilin yanvar ayında da Azərbaycan üzərindən 132 vaqon buğdanın Ermənistana göndəriləcəyini bəyan edib. Bu isə sözügedən marşrutun artıq test mərhələsindən çıxaraq davamlı logistik xəttə çevrildiyini göstərir.
Aqil Məmmədov vurğulayıb ki, indiyə qədər Rusiya–Ermənistan arasında ticarət əsasən Yuxarı Lars keçidi vasitəsilə həyata keçirilirdi. Lakin Azərbaycan üzərindən keçən marşrut hava şəraitindən asılı olmaması, ilin böyük hissəsində açıq qalması, daşınma müddətinin və xərclərin azalması baxımından daha əlverişlidir. Bundan əlavə, bu marşrutun buraxılış imkanlarının daha geniş olması qısa müddətdə daha çox əməliyyat aparmağa şərait yaradır.
Politoloqun fikrincə, Azərbaycanın Ermənistan üçün tranzit marşrutu açması İrəvanın Orta Dəhlizə inteqrasiyasını da sürətləndirir. O bildirib ki, 8 avqustda Ağ evdə paraflanan sülh müqaviləsindən sonra ötən 137 gün ərzində Ermənistan sülhün iqtisadi faydalarını real şəkildə görməyə başlayıb. Bakı–İrəvan siyasi normallaşması Ermənistanın makroiqtisadi sabitliyinə müsbət təsir göstərir.
Paylaşımda həmçinin qeyd edilir ki, buğdanın Azərbaycan üzərindən daşınması gələcəkdə Ermənistanda un və çörəyin daha münasib qiymətlərlə əldə olunmasına imkan yarada bilər.
Aqil Məmmədov region logistikasında baş verən son dəyişikliklərin Azərbaycanın Qafqazda alternativsiz logistik hab statusunu daha da möhkəmləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Bakı artıq Pekin, London, Tehran və Moskva istiqamətlərində ticarət axınlarına nəzarəti gücləndirir.
