Bugun.tv-xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub.
Layihənin açılış mərasimi 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Qorxmazlının çıxışı ilə başlayıb.

Daha sonra çıxış üçün söz Azərbaycan İncəsənət Məktəbinin müəllimi, gənc aktyor və rejissor Məmməd Rəfiyevə, 150 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dürdanə Əsgərovaya, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sonaxanım Bayramovaya və məktəbin psixoloqu Türfə Səlimovaya verilib. Çıxış edənlər layihənin şagirdlərin inkişafı baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

Altı ay müddətini əhatə edən layihənin əsas məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların ünsiyyət, özünüifadə, yaradıcılıq və komanda işi kimi təhsil üçün mühüm olan həyati bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində 150 nömrəli tam orta məktəbdə 9–12 yaş arası 15 nəfər, 13–16 yaş arası isə 15 nəfər olmaqla ümumilikdə 30 şagird dörd ay müddətində yaradılacaq “İncəsənət Dərnəyi”-nin məşğələlərində iştirak edəcək. Dərnək məşğələləri şagirdlərdə aktyorluq, nitq və səhnə bacarıqlarının formalaşmasına, eləcə də teatr tamaşalarının hazırlanmasına şərait yaradacaq.

Məşğələlərin nəticəsi olaraq dərnək iştirakçıları tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların üç dəfə səhnələşdirilməsi planlaşdırılır. Bununla da ümumilikdə 300 təhsilalanın yaradıcı mühitdə iştirakının təmin edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ictimaiyyətin layihənin icrası və əldə edilən nəticələrlə bağlı məlumatları yaxından izləyə bilməsi məqsədilə layihənin “Facebook” və “Instagram” sosial platformalarında rəsmi səhifələri yaradılıb.

