Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatında sərt silah qanunları və etiraz məhdudiyyətləri rəsmi olaraq qüvvəyə minib. Bu dəyişikliklər 2025-ci ilin dekabrında, Bondi Beach-də törədilən terror hücumundan sonra qəbul olunan “Terrorizm və digər qanunlar” paketinin bir hissəsidir. Yeni qanunlar çərçivəsində fərdi şəxslərin sahib ola biləcəyi tapança və digər atəşli silahların sayı ciddi şəkildə məhdudlaşdırılır — ümumiyyətlə hər bir şəxsin dörd silahdan çox saxlamasına icazə verilmir və yalnız fermerlər kimi bəzi xüsusi qruplar üçün bu limit artırıla bilər. Eyni zamanda, təhlükəsiz saxlama, yenidən lisenziyalaşdırma müddətləri və digər tələblər də sərtləşdirilib və silah sahibliyi ilə bağlı müraciətlərdə polis rəisinin qərarı əsas rol oynayır.
Bu qanunlarla polislərə, terror hadisələrindən sonra ictimai etirazlar üzərində daha geniş səlahiyyətlər verilib. Konkret olaraq, terror aktı kimi qiymətləndirilən hadisələrdən sonra üç aya qədər kütləvi etirazların keçirilməsi qadağan edilə bilər. Həmçinin, qadağan olunmuş terror təşkilatlarının simvollarının nümayiş etdirilməsi (məsələn, İŞİD və ya digər qanunsuz simvollar) ciddi cərimələr və hətta iki ilədək həbs cəzası ilə nəticələnə bilər. Bu dəyişikliklər ictimai azadlıqlar və sərbəst toplaşma hüquqları ilə bağlı geniş müzakirələr doğurub və bəzi hüquq-müdafiəçilər bu məhdudiyyətlərin demokartik hüquqlara zidd olduğunu bildirirlər.
Hökumət isə bu addımların ictimai təhlükəsizliyi gücləndirmək üçün lazım olduğunu vurğulayır. NSW Baş naziri Kris Minns və digər rəsmilər hesab edirlər ki, sərt silah nəzarəti və etiraz məhdudiyyətləri terror risklərini azaltmağa və ictimai asayişi qorumağa kömək edəcək. Bununla belə, qanun mübahisəli olaraq qalır və hüquqi çətinliklərə məruz qala bilər — xüsusilə etirazlar üzərindəki məhdudiyyətlər bir sıra aktivist qruplar və siyasətçilər tərəfindən Konstitusiyaya zidd olaraq qiymətləndirilir.
Mənbə: The Guardian
