Bugun.tv– xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında ABŞ-ın Rusiyaya məxsus neft tankerini ələ keçirməsini Vaşinqtonun Moskva ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Ekspert bu barədə öz sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı nümayiş etdirdiyi müsbət reveransların artıq dəyişdiyi müşahidə olunur.
M. Əsədullazadə bildirib ki, bu prosesdə ABŞ dövlət katibi Marko Rubionun xüsusi fəallığı mühüm rol oynayıb: “Atlantik okeanında mühafizə altında olan Rusiyaya məxsus neft tankerinə edilən müdaxilə ABŞ-ın beynəlxalq geosiyasi mövqelərini gücləndirir və eyni zamanda Ukrayna böhranı kontekstində Moskvaya açıq mesaj xarakteri daşıyır”.
Ekspertin fikrincə, ABŞ-ın Rusiyanın neft tankerini ələ keçirməsi Vladimir Putinlə Donald Tramp arasında münasibətlərin kəskinləşdiyini göstərir və baş verənlər Ukraynanın maraqlarına xidmət edir.
Paylaşımda vurğulanıb ki, Rusiyanın irəli sürdüyü 20 bəndlik sülh planının qəbul edilməməsi, müharibənin davam etdirilməsi və Vladimir Putinin Ukraynanın onun iqamətgahına hücum etdiyinə dair iddiaları Ağ Evin mövqeyinin dəyişməsinə səbəb olub.
M. Əsədullazadə qeyd edib ki, nəticə etibarilə Donald Trampın Rusiya yönümlü siyasətdən çəkindirilməsi mümkün olub və bu da ABŞ-ın regionla bağlı strategiyasında ciddi dönüşdən xəbər verir.
