İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edərək Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu bildirib.
Deputat qeyd edib ki, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji potensialının kifayət qədər yüksək olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, təkcə ölkənin külək enerjisi potensialı 150 giqavatdan artıqdır.
Vüqar Bayramovun paylaşımında bildirilib ki, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerjinin ümumi istehlakda payını 30 faizə çatdırmağı hədəfləyir. Bu çərçivədə ölkənin yaşıl enerji potensialı 27 min meqavat olaraq qiymətləndirilir ki, bunun da 23 min meqavatı günəş enerjisinin payına düşür.
Deputat vurğulayıb ki, Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir. Son illərdə bu sahəyə 1 milyard ABŞ dollarından çox investisiya yönəldilib. Həmin investisiyalar təkcə ölkədə deyil, ümumilikdə regionda enerji effektivliyinin artırılmasına və resurslardan səmərəli istifadəyə mühüm töhfə verir. Mövcud göstəricilər Azərbaycanın yaşıl enerji və enerji effektivliyi sahəsində regionda lider mövqedə olduğunu təsdiqləyir.
Paylaşımda alternativ enerjidən istifadənin iqtisadi əhəmiyyətinə də toxunulub. Qeyd edilib ki, illik 13 milyard kubmetr daxili qaz istehlakı olan Azərbaycanda yeni yaşıl enerji istehsal güclərinin istifadəyə verilməsi 2030-cu ilədək elektrik enerjisi istehsalında 1,2 milyard kubmetr təbii qaza qənaət etməyə imkan yaradacaq. Xüsusilə əhalinin qaz istehlakının 5 milyard kubmetrə yaxın olduğunu nəzərə alsaq, istilik sistemində yaşıl enerjidən istifadə qaz sərfiyyatının azalması deməkdir.
Vüqar Bayramov bildirib ki, bu yanaşma bir tərəfdən ümumi istehlakda yaşıl enerjinin payını artırır, digər tərəfdən isə qaz ixracının genişlənməsinə şərait yaradaraq ölkəyə əlavə valyuta axınını təmin edir. Nəticə etibarilə, bu proses həm ekoloji üstünlüklər yaradır, həm də qaz istehlakının optimallaşdırılmasına xidmət edir.
Deputatın fikrincə, alternativ enerjidən istifadə yalnız ekoloji və yaşıl iqtisadiyyat prinsipləri baxımından deyil, eyni zamanda Azərbaycanın iqtisadi potensialının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
