Bugun.tv– xəbər verir ki, politoloq Aqil Məmmədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2026-cı ildən etibarən diplom, attestat və digər təhsil sənədlərinin elektron formada təqdim edilməsinə başlanılması ilə bağlı qərarını sosial media hesabında dəyərləndirib.
Aqil Məmmədov bildirib ki, nazirliyin kağız daşıyıcılardan məqsədli şəkildə imtina etməsi ilk növbədə bürokratiyanın aradan qalxmasına və proseslərin daha şəffaf olmasına xidmət edəcək. Onun sözlərinə görə, kənardan sadə görünən bu addım əslində ciddi iqtisadi səmərəlilik yaradır.
Politoloq qeyd edib ki, mövcud məlumatlara əsasən, 2025-ci ildə 112 mindən çox məzun olub və hər il orta hesabla 45–50 min nəfər ali məktəblərin bakalavr pilləsini bitirir. Bu rəqəmlərə 9-cu sinifdən ayrılanlar, texnikum, magistratura və aspirantura məzunları da əlavə edildikdə ümumi göstərici daha da artır. Onun hesablamalarına görə, bir diplomun dəyəri orta hesabla 5 manat götürüldükdə, yalnız sənədlərin çapından imtina etməklə təxminən 1 milyon manata yaxın vəsaitə qənaət etmək mümkündür.
Aqil Məmmədov əlavə edib ki, nəşriyyatdan mərkəzə, mərkəzdən regionlara daşınma xərcləri, eləcə də sənədlərin hazırlanmasına sərf olunan vaxt da nəzərə alındıqda, bu qərarın nə qədər iqtisadi baxımdan faydalı olduğu aydın görünür.
Politoloqun fikrincə, elektron sənədlərə keçid vətəndaşları işə düzələn və ya iş yerini dəyişən zaman diplom daşımaq məcburiyyətindən, sənəd itdikdə isə yenisinin çıxarılması üçün vaxt itkisinə məruz qalmaqdan azad edəcək. Eyni zamanda, bu sistem təhsil sənədlərinin saxtalaşdırılmasının qarşısının alınmasına da mühüm töhfə verəcək.
Paylaşımının sonunda Aqil Məmmədov Elm və Təhsil Nazirliyinin bu qərarını yüksək qiymətləndirərək, atılan addımın müasir və rasional yanaşma olduğunu vurğulayıb.
