4 C
Baku
15 Yanvar 2026, 1:48
DünyaTexnologiya

Süni intellekt itkin düşmüş alpinisti necə tapdı?

İtaliyanın Piedmont bölgəsində həftələrlə nəticəsiz davam edən axtarış-xilasetmə əməliyyatı süni intellektin köməyi ilə cəmi bir neçə saat ərzində nəticə verdi.

Dron görüntülərinin süni intellekt tərəfindən təhlili sayəsində qarda qırmızı dəbilqə aşkarlanıb və itkin düşmüş alpinistin yeri müəyyən edilib.

Hadisə Kot Alplarında baş verib. Təcrübəli alpinist və ortopedik cərrah, 66 yaşlı Nikola İvaldo bazar günü ilə bazar ertəsi arasındakı gecə işə gəlmədikdən sonra itkin düşmüş elan edilib. Onun təkbaşına dağa çıxdığı və marşrutunu heç kimlə paylaşmadığı bildirilib. Xilasedicilərin əlində olan yeganə məlumat Pontechianale bölgəsində tapılan avtomobili və mobil telefonundan alınan son siqnal olub.

Məlumatlar İvaldonun Monviso (3841 metr) və ya Visolotto zirvələrindən birinə doğru hərəkət etdiyini göstərsə də, bu dağlarda yüzlərlə kilometr uzunluğunda cığırların olması axtarış sahəsini xeyli genişləndirib. İtkin düşdüyü gün hava şəraitinin əlverişli olmasına baxmayaraq, məşhur marşrutlarda onu görən olmayıb. Bu isə alpinistin daha ucqar yolları seçdiyini ehtimal etməyə əsas verib.

Bir həftə ərzində 50-dən çox xilasedici ərazidə yerüstü axtarış aparıb, helikopterlər havadan ərazini yoxlayıb. Lakin sentyabrın sonunda yağan erkən qar səbəbindən ümidlər azalıb və əməliyyat müvəqqəti dayandırılıb.

Süni intellekt və dronlar əməliyyata cəlb edildi

2025-ci ilin iyul ayında qarın böyük hissəsi əridikdən sonra axtarışlar yenidən başlayıb. Bu dəfə əməliyyata süni intellekt əsaslı proqram təminatı cəlb olunub. İki dron beş saat ərzində minlərlə yüksək keyfiyyətli fotoşəkil çəkib və görüntülər həmin gün süni intellekt tərəfindən analiz edilib.

Proqram təminatı şəkillərdə “maraq nöqtələri” müəyyən edərək xilasedicilərə fokuslanmalı olduqları sahələri göstərib. Əlverişsiz hava şəraiti bəzi nöqtələrə yaxınlaşmanı gecikdirsə də, nəticə qısa müddətdə əldə olunub.

Axtarışın üçüncü günündə Nikola İvaldonun cansız bədəni Monviso dağının şimal yamacında, təxminən 3150 metr yüksəklikdə aşkarlanıb və vertolyotla ərazidən götürülüb. Əsas ipucu süni intellektin işarələdiyi qırmızı obyekt olub. Daha sonra bu obyektin alpinistin qırmızı dəbilqəsi olduğu təsdiqlənib.

Dronların rolu həlledici oldu

Əməliyyat zamanı dronların yüksək manevr qabiliyyəti xüsusi rol oynayıb. Helikopterlərin çata bilmədiyi dar keçidlər və qaya divarları dronlar vasitəsilə yoxlanılıb. Ümumilikdə 452 akr ərazi araşdırılıb və 2600-dən çox fotoşəkil çəkilib.

Turin Dağ Xilasetmə Stansiyasının rəhbəri və dron pilotu Saverio İzola bildirib ki, iki il əvvələ qədər bu cür görüntülər əl ilə, tək-tək yoxlanılırdı. Onun sözlərinə görə, süni intellekt pikselləri analiz edərək onlarla potensial anomaliya müəyyən edib, yekun qərar isə yenə də mütəxəssislər tərəfindən verilib.

Bu hadisə süni intellektin axtarış və xilasetmə əməliyyatlarında vaxt və resurs itkisinin qarşısını almaqla insan həyatının tapılmasında nə qədər effektiv ola biləcəyini bir daha nümayiş etdirib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu