İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayının 2 mindən çox olduğu bildirilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ABŞ və İsraili ölkəyə İŞİD terrorçuları göndərməkdə ittiham edib. Onun sözlərinə görə, bu silahlı qruplar İran xalqına və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edib.
Reuters agentliyinin məlumatına əsasən, İran rəsmiləri iqtisadi problemlər səbəbilə küçələrə çıxan etirazçıların “silahlı terrorçular” tərəfindən qətlə yetirildiyini iddia edir. Musəvi bildirib ki, İran öz ərazi bütövlüyü və suverenliyinin pozulmasına imkan verməyəcək.
İran Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının rəhbəri Abbas Məscidi Arani isə ölənlərin əhəmiyyətli hissəsinin kəsici alətlərlə həyati orqanlardan vurulduğunu, bəzilərinin isə yaxın məsafədən ov tüfəngi ilə atəşə tutulduğunu və ya damlardan hədəf alındığını deyib. Arani etirazçıların arasına silah təlimi almış şəxslərin sızdığını da iddia edib.
Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər fonunda Tehranın Böyük Bazarı ətrafında başlayaraq ölkənin müxtəlif şəhərlərinə yayılıb. HRANA-nın əvvəlki hesabatında yüzlərlə ölən və on minlərlə saxlanılan olduğu açıqlanıb. 9 yanvarda isə ölkə üzrə internetin kəsildiyi bildirilmişdi.
Mənbə: Tgrthaber
