Bugun.tv – yə daxil olan məlumata görə, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6–8-də Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində yanvarın 6-da Ankara Müzik və Güzel Sanatlar Universitetinin rektoru professor Erhan Özdenlə görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb və iki universitet arasında anlaşma protokolu imzalanıb.
Həmin gün nümayəndə heyəti TÜRKSOY Başqan yardımçısı Sait Yusufla da görüşüb. Görüş zamanı təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verilib.
Yanvarın 6-da Xəzər Universitetinin nümayəndələri Ankara Sosyal Bilimler Universitetinin rektoru professor Musa Arıcan tərəfindən qəbul edilib. Görüşdə universitetlər arasında əməkdaşlıq protokolu imzalanıb. Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri dosent Nəcibə Nəsibova, TÜRKSOY Dairə başqanı doktor Barış Cavid Mövsümlü və digər rəsmi şəxslər iştirak ediblər.
Yanvarın 7-də nümayəndə heyəti Türkiyə Cümhuriyyəti Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya və Məhkəmənin üzvü Yılmaz Akçil ilə görüşüb. Görüşdə professor Hamlet İsaxanlı Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb və Kadir Özkayanı Bakıya dəvət edib.
Eyni gün Xəzər Universitetinin nümayəndələri Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güranla görüşüblər. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Yanvarın 8-də Qazi Universitetinin rektoru professor Uğur Ünal ilə keçirilən görüşdə tərəflər mövcud əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Professor Ünal Hamlet İsaxanlıya kitablarını hədiyyə edib.
Həmin gün Ankara Universitetinin rektoru professor Necdat Ünivarın dəvəti ilə keçirilən görüşdə universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş iştirakçılarının şərəfinə ziyafət verilib.
Səfər çərçivəsində Orta Doğu Texniki Universitetinin rektoru professor Ahmet Yozgatlıgil ilə də görüş keçirilib və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Ankarada baş tutan görüşlər zamanı qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Mənbə: Kanal20







