Alimlər genlərin aktivliyini tənzimləyən xüsusi zülallar vasitəsilə hüceyrələrin qocalma prosesini geri çevirməyin mümkün olduğunu müəyyən ediblər. Araşdırma göstərib ki, bu üsul toxumaların bərpasını yaxşılaşdırır və orqanizmin regenerasiya qabiliyyətini artırır.
Tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutlarının (NIH) dəstəyi ilə aparılıb və Proceedings of the National Academy of Sciences elmi jurnalında dərc olunub. Araşdırma əsasən fibrobastlara – orqanların struktur karkasını formalaşdıran, hüceyrələrarası matriksi yaradan hüceyrələrə fokuslanıb. Yaş artdıqca fibrobastların fəaliyyəti azalır, bu da toxumaların bərpasını zəiflədir.
Kaliforniya Universitetinin San-Fransisko kampusunun alimləri gənc və yaşlı fibrobastlarda genlərin necə fərqli işlədiyini müqayisə ediblər. Kompüter analizləri nəticəsində yaşlanma ilə əlaqəli dəyişiklikləri idarə edən təxminən 30 transkripsiya faktoru müəyyən olunub.
CRISPR gen redaktə texnologiyasından istifadə edən tədqiqatçılar bu faktorların aktivliyini yaşlı fibrobastlarda dəyişdiriblər. Nəticədə hüceyrələr gənc hüceyrələr kimi davranmağa başlayıb – maddələr mübadiləsi yaxşılaşıb, bölünmə qabiliyyəti artıb, regenerasiya güclənib.
Professor Saul Viledanın iştirakı ilə aparılan əlavə təcrübədə EZH2 adlı əsas tənzimləyici faktorun səviyyəsi 20 aylıq siçanların qaraciyərində artırılıb, bu yaş təxminən insanlarda 65 ilə bərabərdir. Təcrübə qaraciyər fibrozunun azalmasına, orqanda yağ yığılmasının iki dəfə enməsinə, qlükoza tolerantlığının yaxşılaşmasına səbəb olub.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə yaşlanma ilə bağlı xəstəliklərin müalicəsində, toxuma bərpasında və regenerativ tibbdə yeni imkanlar aça bilər.
Mənbə: mail.ru
