5 C
Baku
27 Yanvar 2026, 0:34
Dünya

“Bir çox sahədə danışıqlar mümkündür, lakin suverenlik mövzusu müzakirə edilə bilməz”

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı danışıqlar təklifinə münasibət bildirib. O qeyd edib ki, siyasət, investisiya, təhlükəsizlik və iqtisadiyyat sahələrində dialoq aparmaq mümkündür, lakin Danimarkanın suverenliyi heç vaxt müzakirə predmeti ola bilməz.

Baş nazir ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı açıqlamalarına dair yazılı bəyanat yayıb. Frederiksen Arktika bölgəsində təhlükəsizliyin NATO üçün mühüm məsələ olduğunu vurğulayaraq, Tramp ilə NATO Baş katibi Mark Ruttenin Davosdakı görüşünü “normal və təbii” kimi dəyərləndirib.

Frederiksen bildirib ki, NATO Danimarka Krallığının mövqeyindən xəbərdardır. Onun sözlərinə görə, Danimarka müttəfiqləri ilə Arktikada təhlükəsizliyin gücləndirilməsi məqsədilə konstruktiv dialoqa hazırdır. Lakin bu əməkdaşlıq yalnız ərazi bütövlüyünə hörmət şərti ilə mümkündür. Bu çərçivədə ABŞ-nin “Qızıl Günbəz” müdafiə sistemi ilə bağlı müzakirələr də istisna deyil.

“Qırmızı xəttimiz var”

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen də sosial şəbəkə paylaşımında ölkənin mövqeyinin dəyişməz olduğunu bildirib. O vurğulayıb ki, Danimarka Krallığına aid heç bir ərazi üzərində suverenlikdən imtina edilməyəcək.

Poulsen NATO Baş katibi Mark Rutte ilə Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtin də iştirakı ilə görüş keçirildiyini açıqlayıb. O qeyd edib ki, Rutte Danimarka və ya Qrenlandiya adından danışıqlar aparmır, lakin onun töhfəsi əhəmiyyətlidir.

ABŞ və NATO arasında “razılaşma çərçivəsi”

ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də Davosda NATO Baş katibi Mark Rutte ilə Qrenlandiya mövzusunda gələcək razılaşmanın ümumi çərçivəsinin formalaşdırıldığını açıqlamışdı. Tramp bu proses çərçivəsində bəzi Avropa ölkələrinə tətbiq olunması planlaşdırılan gömrük rüsumlarının müvəqqəti dayandırıldığını bildirmişdi.

Tramp həmçinin Qrenlandiya ilə bağlı “Qızıl Günbəz” müdafiə sistemi üzrə əlavə danışıqların aparılacağını və prosesə ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoffun nəzarət edəcəyini qeyd edib.

ABŞ Prezidenti daha əvvəl Qrenlandiya məsələsinə etiraz etdiklərinə görə bir sıra Avropa ölkələrindən idxal olunan məhsullara mərhələli şəkildə gömrük rüsumları tətbiq ediləcəyini də açıqlamışdı.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

BƏƏ-Küveyt münasibətlərində “Brothers Forever” bayramı elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu