Bugun.tv-yə daxil olan məlumata görə, UİD Azərbaycan (Uluslararası Demokratlar Birliyi) tərəfindən Bakı şəhərində səhər yeməyi proqramı təşkil olunub.
Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 150-yə yaxın iş adamı, Türkiyədən Azərbaycana gəlib çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Proqramın əsas məqsədi UİD Azərbaycanın fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer, həmçinin Türkiyədən qonaq qismində “15 Temmuz Şehitler ve Gaziler Derneği”nin rəhbərliyi və nümayəndə heyəti iştirak ediblər.
Proqram UİD Azərbaycan rəhbəri Cengiz Aygörün açılış nitqi ilə başlayıb. O, çıxışında UİD-nin əsas fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar və Azərbaycan–Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsinin vacibliyindən bəhs edib.
Daha sonra İsmail Hakkı Turunçu, Ufuk Turganer və səfir Birol Akgün çıxış edərək iki qardaş ölkə arasında münasibətlərin inkişafında ictimai təşkilatların rolunu vurğulayıblar. Tədbir çərçivəsində 15 iyul və 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti önə çəkilib.













