Bugun.tv– xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşü sosial media hesabında şərh edib.
Ekspertin sözlərinə görə, Əbu-Dabi görüşü yekun sülh müqaviləsinə doğru etimadın artırılması baxımından mühüm mərhələ hesab olunur və tərəflər arasında qalan məsələlərin həlli üçün yeni imkanlar yaradır.
Məhəmməd Əsədullazadə bildirib ki, hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında artıq de-fakto sülh əldə olunub və prosesin hüquqi çərçivəyə salınması istiqamətində real addımlar atılır.
Ekspertin fikrincə, görüş zamanı bir neçə əsas məsələnin müzakirə edilməsi istisna deyil. O qeyd edib ki, Ermənistan bu il ərzində Konstitusiyaya dəyişiklik etməli, eyni zamanda TRİP layihəsi çərçivəsində Zəngəzur dəhlizi istiqamətində işlərə başlanmalıdır. Həmçinin, sülh müqaviləsinin bu ilin sonuna qədər, xüsusilə payız aylarında imzalanması mümkün görünür.
Əsədullazadə əlavə edib ki, Ermənistan daxilində keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanacağı halda, sülh müqaviləsinin payızda bağlanması daha real ola bilər.
Siyasi ekspertin proqnozuna görə, yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədlərinin açılması gözlənilir. O, həmçinin yaxın günlərdə Azərbaycanın Ermənistana qarşı yeni diplomatik jest edə biləcəyini də bildirib.
Məhəmməd Əsədullazadə Türkiyədən daşınan yüklərin Ermənistan ərazisindən keçərək Azərbaycana daxil olmasının da mümkün ssenarilərdən biri olduğunu vurğulayıb.
