12 C
Baku
18 Fevral 2026, 17:18
Sosial

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Əhməd Rəhmanov: “Bu kimi hallar yerli məmurlar tərəfindən qəsdən törədilir”

Son vaxtlar rəsmi dövlət strukturlarının bölgələrdə yeni iş yerlərinin açılması ilə bağlı hesabatları ilə yerlərdən gələn əks məlumatlar arasındakı ziddiyyətlər diqqət çəkməkdədir. Şamaxı sakini Rafiq Osmanovun üzləşdiyi problem xüsusilə aktualdır.

Məsələ ilə bağlı Versus.Az-a danışan Müstəqil Həmkarlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Əhməd Rəhmanov söhbət zamanı 6 uşaq atasının işini necə itirməsinin təfərrüatını danışıb.

Müstəqil Həmkarlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Əhməd Rəhmanov

 

Məlumat üçün deyək ki, 2019-cu ildən Şamaxı rayon DOST agentliyinin xətti ilə kommunal təsərrüfat idarəsində fəhlə işləyən Rafiq Osmanov diabet xəstəsidir. Bir övladı Qarabağ müharibəsi veteranıdır.

“2024-cü ildə rəhbərlik qəfil şəkildə işçilərə əmək müqavilələrinin yenilənməsi barədə məlumat verib. Osmanov yeni müqaviləyə imza atsa da, əmək qanunvericiliyi və elektron hökumət portalları barədə məlumatı olmadığından telefonunu əməkdaşlara təqdim edib və onlar müəyyən qeydiyyat əməliyyatları aparıblar. 2025-ci ilin noyabr ayına qədər heç bir problemlə üzləşməyən Osmanov bir gün iş yoldaşlarından rəhbərliyin onun işə çıxmamasının səbəbini soruşduğunu eşidib. Məlum olub ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Yazılı müraciətlərinə cavab verilməyib, əmək kitabçası isə ona qaytarılmayıb”, – deyə Ə.Rəhmanov qeyd edib.

Müstəqil Həmkarlar Birliyindən kömək istəyən Rafiq Osmanov deyib ki, rayon şöbəsində kimə müraciət edibsə, cavab eyni olub – “bizlik deyil, gedin Bakıdan soruşun”. Çıxılmaz vəziyyətdə qalan R.Osmanov məsələnin məhkəmə yolu ilə həllinə çalışıb.

Məhkəmədə üzə çıxan qeyri-adi fakt

Vətəndaşın iddiası əsasında Yasamal Rayon Məhkəməsində keçirilən ilk iclasda Müstəqil Həmkarlar Birliyinin nümayəndəsi, hüquq müdafiəçisi Əhməd Rəhmanov da iştirak edib.

“Hakim Aytəkin Əsadzadənin sədrliyi ilə keçirilən iclasda məlum oldu ki, Şamaxı rayon DOST agentliyi 2025-ci ilin aprel ayından etibarən vətəndaşlarla hər ay yeni əmək müqaviləsi bağlayıb, iddiaçının isə bundan xəbəri olmayıb. Agentliyin nümayəndəsi Osmanovla bağlanmış müqavilənin müddətinin başa çatdığını bildirib. Vətəndaş məhkəmədə etiraz edərək deyib ki, – “necə ola bilər ki, mənimlə hansısa müqavilə bağlanır, amma mənim imzam yoxdur, bu, saxtakarlıqdır”.

Zərərçəkən hakimdən 2024-cü ildən etibarən onunla bağlanmış bütün müqavilələrin (təxminən 16–17 müqavilə-red.) surətinin DOST agentliyindən tələb olunmasını xahiş etdi. Agentlik nümayəndəsi isə yalnız bir müqavilə təqdim edə bildi”, Ə.Rəhmanov deyir.

Hüquq müdafiəçisi vurğulayır ki, məhkəmə prosesi hələ başa çatmasa da, gizlin məqamlar üzə çıxır:

“Belə görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan DOST agentliyi hər bir iş yeri üzrə ildə bir neçə müqavilə bağlamaqla hesabat göstəricilərini süni şəkildə artırır. Bu iddianı dəstəkləyən başqa bir fakt da var. Beləki, Şamaxı rayon sakini Ağayar Gülbalayev üç il əvvəl noyabr ayında işdən azad olunan qızının adına fevral ayının sonunadək əməkhaqqı hesablandığını iddia edir. Həmin vəsaitin naməlum şəxslər tərəfindən götürüldüyü barədə ƏƏSMN-ə müraciət olunsa da, məsələ ilə bağlı tədbir görülməyib. Bu isə o deməkdir ki, bir iş yerinə bir nəfər qəbul edilərək, müddət başa çatmadan ilin ortasında işdən çıxarılır və onun yerinə başqa şəxs götürülür. Nəticədə siyahı və hesabat göstəriciləri süni şəkildə artırılmış olur”.

Hüquq müdafiəçisi Ə.Rəhmanov hesab edir ki, bu kimi hallar yerli məmurlar tərəfindən qəsdən törədilir:

“Müharibədən çıxmış Azərbaycanda əhali arasında süni narazılıq yaratmağa xidmət edən bu tip hallarla ƏƏSMN-nin tabeliyində olan Əmək Müfəttişliyi deyil, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Belə görünür ki, biz xarici düşmənə qalib gəlsək də, daxilimizdə olan qüvvələr hələ də fəaliyyət göstərir”.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı məhkəmə prosesi davam edir və işin nəticəsi ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mənbə: VerSus.az

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu