Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yarımçıq qalmış” tamaşa layihəsi uğurla yekunlaşıb.
Layihə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanıb. Müəllifləri Leyla Bəyim və Efim Abramov olan tamaşa layihə müddəti ərzində hazırlanaraq tamaşaçılara təqdim edilib.
Tamaşanın premyerası Bakı şəhərində keçirilib. Daha sonra səhnə əsəri Şəki və Lənkəran şəhərlərində də nümayiş olunub.
Səhnə əsərində ölkənin müstəqilliyi naminə canından keçmiş qəhrəmanların xatirəsi anılıb, onların yarımçıq qalan arzuları və taleləri poetik və simvolik bədii üslubda təqdim edilib. Dramaturji yanaşma və səhnə həlli vasitəsilə şəhidlərin mənəvi dünyası, duyğuları və xalqla bağlılığı tamaşaçılara çatdırılıb.
Layihə müddətində tamaşa geniş auditoriya tərəfindən maraqla qarşılanıb.
Təşəbbüs mədəniyyətin təbliği, vətəndaşların asudə vaxtının səmərəli təşkili, eləcə də milli-mənəvi dəyərlərin və qəhrəmanlıq ənənələrinin gənc nəslə aşılanması baxımından əhəmiyyətli töhfə kimi qiymətləndirilib.
“Yarımçıq qalmış” tamaşa layihəsinin başa çatması Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinin incəsənət vasitəsilə yaşadılması istiqamətində mühüm addım hesab olunur.

