Bugun.tv-yə daxil olan məlumata görə, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Azərbaycan Prezidentinin “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiqlədiyini açıqlayıb.
Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu isə minimum əmək haqqının artırılmasında dövrülüyün təmin olunması və prosesin qanunla tənzimlənməsi deməkdir.
Vüqar Bayramovun sözlərinə görə, minimum əmək haqqındakı mütəmadi artımlar yalnız aşağı maaş alanlara deyil, həm də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarına təsir göstərir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları minimum əmək haqqı artırıldıqdan sonra bir ay müddətində yeni məbləğə uyğunlaşdırılır.
Bu artımlar sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçiləri əhatə edir.
Deputat qeyd edib ki, həmin sahələrdə maaşlar VTC üzrə 19 dərəcə əsasında müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400 manat, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü artırılması praktiki olaraq bütün dərəcələr üzrə artıma səbəb olacaq.

Vüqar Bayramov vurğulayıb ki, minimum əmək haqqının artırılması həm dövlət, həm də özəl sektorda maaş artımlarına təsir edir. Çünki qanunvericiliyə əsasən, minimum əmək haqqından aşağı məbləğdə maaş təklif etmək qadağandır. Ümumilikdə bu artımların təxminən 700 min vətəndaşı əhatə edəcəyi bildirilib.
