6 C
Baku
27 Fevral 2026, 14:10
Dünya

Kanadada dini simvol qadağası böhranı: Onlarla məktəb əməkdaşı işdən çıxarıldı

Quebec hökumətinin məktəblərdə dini simvollarla bağlı qadağanı genişləndirən 94 saylı qanunu (Bill 94) Montreal və ətraf bölgələrdə ciddi kadr böhranına səbəb olub.

2025-ci ilin oktyabrında qəbul edilən və mart ayından geriyə şamil olunan qanun nəticəsində onlarla məktəb əməkdaşı işdən çıxarılıb, vəzifəsindən uzaqlaşdırılıb və ya istefa verməyə məcbur qalıb.

Montreal Məktəb Müdirləri Assosiasiyası bildirib ki, qanunun tam tətbiqi yüzlərlə əməkdaşın da işini itirməsi riski yaradır. Assosiasiya rəhbəri Kathleen Legault kadr çatışmazlığının pik həddə çatdığı bir vaxtda belə addımın vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.

Qanun nələri əhatə edir?

Əvvəllər yalnız müəllim və direktorları əhatə edən dini simvol qadağası 94 saylı qanunla genişləndirilib. Artıq şagirdlərlə təmasda olan bütün məktəb personalına – yeməkxana işçiləri, məktəbəqədər təhsil işçiləri, psixoloq və məsləhətçilər, nəzarətçilər – iş saatlarında baş örtüyü, kipa, xaç və digər dini simvolların daşınması qadağan edilib.

“Muafiyyət” böhranı

Hökumət 19 mart 2025-ci ilədək vəzifədə olan əməkdaşlara istisna hüququ tanıyıb. Lakin həmin tarixdən sonra işə qəbul olunan və ya vəzifəsi dəyişən şəxslər bu hüquqdan yararlana bilmir. Nəticədə uzun illər sistemdə çalışan, lakin mart–oktyabr ayları arasında vəzifəsi dəyişən təcrübəli əməkdaşlar da işdən çıxarılıb.

Laurentians bölgəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən təhsil işçisi Mariem Gharnougui baş örtüyünü çıxarmaqdan imtina etdiyi üçün fevral ayında işini itirib. O bildirib ki, kimliyi, dəyərləri və peşəsi arasında seçim etmək məcburiyyətində qalıb.

Hökumətin mövqeyi

Qanunun müəlliflərindən və hakim Coalition Avenir Quebec partiyasının liderliyinə namizəd olan Bernard Drainville tənqidlərə cavab olaraq qeyd edib ki, əməkdaşlar iş saatlarında dini simvollarını çıxara bilərlər, lakin bunu etməməyi özləri seçiblər və qərarlarının nəticələrinə qatlaşmalıdırlar.

Müxalifətin reaksiyası

Quebec Liberal Party və Quebec Solidaire qanunu ayrı-seçkilik xarakterli və mənfi nəticələr doğuran addım kimi qiymətləndirir. Müxalifət istisna tarixinin mart deyil, qanunun qəbul edildiyi oktyabr ayına keçirilməsi üçün hökumətə təzyiq göstərir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Klavişin üzərinə ağırlıq qoyaraq “işləyirmiş kimi” görünən polis xidmətdən qovuldu

Aynur Camal

Kim Çen In və qızının “uyğun” geyimi varislik müzakirələrini alovlandırdı

Aynur Camal

ABŞ Kiyevin mərkəzində yeraltı seminar keçirməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu