İranın BMT-dəki daimi nümayəndəsi Səid İravani bildirib ki, İranın regionda həyata keçirdiyi cavab zərbələri qonşu ölkələrin maraqlarına deyil, yalnız ABŞ-a məxsus hərbi obyekt və bazalara yönəlib.
BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlama verən diplomat vurğulayıb ki, ABŞ diplomatik proses davam etdiyi bir vaxtda İrana ikinci dəfə hücum edib.
İravani qeyd edib ki, müharibədən əvvəl İran tərəfindən ABŞ üçün “yaxın təhlükə” mövcud olmayıb və ölkəsinin nüvə proqramı “sülhməramlı xarakter” daşıyır.
O, İrana qarşı hücumların BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu deyərək əlavə edib: “İran müharibə və ya gərginlik istəmir, lakin öz suverenliyini qətiyyətlə müdafiə edəcək”.
ABŞ-ın regiondakı bazalarına yönələn hücumlarla bağlı suala cavab verən İravani deyib: “Qonşu ölkələrin maraqlarına hücum etmirik. ABŞ-ın obyekt və bazalarını hədəf alırıq və bu bazalar ev sahibi ölkələrin nəzarətindən kənardadır”.
Diplomat həmçinin ABŞ və İsrailin İranda xəstəxanaları, Qızıl Aypara obyektlərini, mülki yaşayış məntəqələrini və məktəbləri bombaladığını iddia edib. Onun sözlərinə görə, Hörmüzgan vilayətinin Minab şəhərində ibtidai məktəbə edilən hücum nəticəsində 160-dan çox qız şagird həyatını itirib.
Hazırda regionda hərbi-siyasi gərginlik davam edir və tərəflər arasında qarşılıqlı ittihamlar səngimir.
