ABŞ-ın birinci xanımı Melania Trump İranda məktəbə edilən hücumdan bir neçə gün sonra BMT Təhlükəsizlik Şurası çərçivəsində keçirilən iclasa sədrlik edib.
Toplantı münaqişə bölgələrində uşaqların qorunması və təhlükəsiz təhsil mühitinin təmin olunmasına həsr olunub.
İclasda çıxış edən Melaniya Tramp bildirib ki, dünyada milyonlarla uşaq silahlı münaqişələr səbəbindən əsas hüquqlarından məhrum olur.
ABŞ-ın birinci xanımı, BMT-yə üzv dövlətləri münaqişələrdən zərər çəkən uşaqların müdafiəsi üçün birgə siyasətlər hazırlamağa çağırıb.
Toplantıda uşaqların müharibə zonalarında istifadəsi, silahların təsiri və psixoloji travmaların qarşısının alınması məsələləri də müzakirə olunub. ABŞ-ın humanitar yardım və sülh təşəbbüsləri vasitəsilə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi vurğulanıb.
Bununla yanaşı, Melaniya Trampın çıxışı zamanı İranda həlak olan uşaqlarla bağlı ayrıca açıqlama verməməsi diqqət çəkib və müəyyən reaksiyalara səbəb olub.
İran dövlət mediasının yaydığı məlumata görə, fevralın 28-də Minab şəhərində yerləşən ibtidai məktəbə endirilən zərbə nəticəsində çoxsaylı şagird və müəllim həyatını itirib. İranın rəsmi qurumları müxtəlif rəqəmlər açıqlayıb.
İclasda BMT Təhlükəsizlik Şurasının üzvləri, beynəlxalq humanitar təşkilatlar və uşaq hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüş zamanı münaqişə bölgələrində uşaqların təhlükəsizliyinin artırılması üçün konkret addımlar müzakirə olunub.
Mənbə: Ensonhaber
