Siyasət

Məhəmməd Əsədullazadə: ABŞ Rusiyaya qarşı geosiyasi təzyiq strategiyasını gücləndirir

Siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-ın qlobal siyasətdə Rusiyaya qarşı təzyiq strategiyasını genişləndirdiyini bildirib.

O, bu barədə sosial media hesabında paylaşım edib.

Ekspertin fikrincə, ABŞ prezidenti Donald Trumpın Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh sazişini gecikdirdiyinə görə tənqid etməsi müəyyən mənada siyasi və psixoloji təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, Trampın Vladimir Putinin sülh müqaviləsində maraqlı olduğu barədə açıqlamaları Moskvanı siyasi baxımdan “trollamaq” və psixoloji təsir göstərmək məqsədi daşıya bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Vaşinqton Rusiyanı ABŞ-ın qlobal rəqiblərindən biri kimi qiymətləndirir və Moskvanın Rusiya-Ukrayna müharibəsində istədiyi nəticəni əldə etməsi ABŞ-ın geosiyasi maraqları üçün risk yarada bilər. Bu səbəbdən ABŞ bir tərəfdən Rusiyanı müəyyən qədər arxayın saxlamağa çalışır, digər tərəfdən isə onun beynəlxalq tərəfdaşlarını zəiflətmək siyasəti yürüdür.

Ekspert bildirib ki, bu strategiyanın nəticəsi kimi Rusiyanın təsir dairəsində olan bəzi ölkələrdə dəyişikliklər baş verir. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin zəifləməsi, Venesuelada Nikolás Maduro ətrafında yaranan siyasi təzyiqlər və İranın regional təsir imkanlarının məhdudlaşdırılması bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Məhəmməd Əsədullazadə əlavə edib ki, ABŞ Rusiyanın əsas enerji bazarlarından biri hesab olunan Çin ilə də enerji sahəsində yeni danışıqlar aparmağı planlaşdırır. Məqsəd Pekinin Rusiyadan enerji idxalını azaltmaq və Moskvanın enerji gəlirlərinə zərbə vurmaqdır.

Ekspertin sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar genişlənir və Moskvanın “kölgə donanması” kimi tanınan qeyri-rəsmi neft daşımaları da ciddi təzyiq altındadır. Onun fikrincə, bu addımlar Kremlin beynəlxalq mövqelərinin zəiflədilməsinə və Rusiyanın siyasi balansına təsir göstərməyə yönəlib.

Siyasi ekspert hesab edir ki, bütün bu proseslər ABŞ-ın Rusiyanın Ukrayna müharibəsində qələbə qazanmasına imkan vermək niyyətində olmadığını göstərir. Müharibə uzandıqca Rusiyanın hərbi və iqtisadi baxımdan zəiflədiyini qeyd edən Əsədullazadə, Vaşinqtonun bu vəziyyətdən istifadə edərək beynəlxalq sistemdə lider mövqeyini möhkəmləndirməyə çalışdığını vurğulayıb.

Milli Cəbhə Partiyasının sədr müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə. 

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: İran PUA-sının Azərbaycan ərazisinə buraxılması ciddi insidentdir

Aynur Camal

Vüqar Bayramov: İranın riyakar siyasəti ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir

Aynur Camal

İranın Azərbaycana qarşı addımları qəbuledilməzdir – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu