Avropa İttifaqı Hörmüz boğazının açıq saxlanılması üçün mümkün mexanizmləri müzakirə edir.
Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, boğazın açıq qalması üçün Qara dəniz Taxıl Təşəbbüsünə bənzər bir mexanizmin tətbiqi imkanları araşdırılır.
Məlumata görə, İran ilə ABŞ və İsrail arasında davam edən qarşıdurma fonunda İran Hörmüz boğazından keçidlərə məhdudiyyət qoyub.
K.Kallas Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, boğazın bağlı qalması Rusiya üçün müəyyən üstünlüklər yarada bilər və bu vəziyyət Moskvaya müharibəni maliyyələşdirmək imkanı verə bilər.
O qeyd edib ki, məsələ Aİ-nin əsas gündəm mövzularından biridir və bu barədə Antonio Guterres ilə də müzakirələr aparılıb.
Kallasın sözlərinə görə, Hörmüz boğazının bağlanması təkcə enerji sahəsinə deyil, eyni zamanda gübrə tədarükünə də ciddi təsir göstərə bilər. O vurğulayıb ki, boğazdan keçən neft və qazın təxminən 85 faizi Asiya ölkələrinə göndərilir və mümkün tədarük problemləri gələcəkdə qlobal ərzaq çatışmazlığına səbəb ola bilər.
Mənbə: Ensonhaber
