Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında fitrə zəkatı ilə bağlı açıqlama paylaşıb.
Deputat bildirib ki, Fitrə zəkatı Ramazan ayına xas vacib ibadətlərdən biridir və imkanı olan hər bir müsəlmanın bunu yerinə yetirməsi tövsiyə olunur. Onun sözlərinə görə, fitrə zəkatının məbləği insanların maddi imkanlarından asılı olaraq təxminən 10-15 manat arasında dəyişə bilər.
Ceyhun Məmmədov qeyd edib ki, məbləğ birbaşa olaraq zəkatın hansı ərzaq növü əsasında hesablanmasından asılıdır. Buğda ilə hesablandıqda məbləğ daha aşağı, düyü və ya xurma ilə hesablandıqda isə daha yüksək olur.
Deputat həmçinin fitrə zəkatının verilmə forması ilə bağlı fərqli yanaşmaların mövcud olduğunu diqqətə çatdırıb. O bildirib ki, bəzi İslam alimləri zəkatın yalnız ərzaq şəklində verilməsini vacib saysa da, müasir dövrdə bir sıra alimlər onun pul şəklində verilməsini də məqbul hesab edirlər.
“Günümüzün reallıqları nəzərə alınaraq fitrə zəkatı pul formasında da verilə bilər. Bu, ehtiyacı olan insanın öz ehtiyacına uyğun seçim etməsinə imkan yaradır”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, fitrə zəkatı əsasən imkansız insanlara verilməli və ən gec Ramazan ayının son günü, bayram namazına qədər çatdırılmalıdır.
