Bugun.tv xəbər verir ki, Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda ABŞ-ın İrana təqdim etdiyi 14 maddəlik sülh təklifi regionda diqqət mərkəzinə çevrilib.
Vaşinqtonun göndərdiyi sənəd rəsmi şəkildə rədd edilməsə də, Tehran təklifdə yer alan şərtləri sərt şəkildə tənqid edib.
ABŞ prezidenti Donald Trampın sərt xəbərdarlıqları fonunda təqdim olunan sənəddə İranın nüvə proqramını tam dayandırması və zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi tələb olunur. Bunun müqabilində Vaşinqton sanksiyaların mərhələli şəkildə yumşaldılmasını və dondurulmuş milyardlarla dollarlıq İran aktivlərinin azad edilməsini vəd edir.
İran tərəfi isə bu şərtləri “maksimalist” və “reallıqdan uzaq” adlandırır. Tehran xüsusilə uranın zənginləşdirilməsi hüququndan imtinanı qırmızı xətt kimi qiymətləndirir. İran rəsmiləri bildirirlər ki, prioritet nüvə proqramı deyil, bölgədə müharibənin tam şəkildə dayandırılmasıdır.
İranlı diplomatların sözlərinə görə, Donald Tramp administrasiyasına etimadın zəif olması səbəbindən mümkün uzunmüddətli razılaşma üçün BMT Təhlükəsizlik Şurasından birbaşa təminat tələb olunur. Pakistan vasitəsilə diplomatik təmaslar davam etsə də, bölgədə hərbi fəallığın artması və tərəflərin güzəştsiz mövqeyi danışıqların taleyini qeyri-müəyyən saxlayır.
Beynəlxalq münasibətlər üzrə ekspertlər qeyd edirlər ki, hər iki tərəf mövcud atəşkəsi formal olaraq pozmayıb və diplomatik kanalların açıq qalması müsbət siqnal hesab olunur. Lakin döyüş meydanında raket və pilotsuz uçuş aparatlarının istifadəsi, eyni zamanda masa üzərində ağır şərtlərin irəli sürülməsi, qalıcı həll üçün tərəflərdən birinin ciddi güzəştlərə getməli olacağını göstərir.
Hazırda həm Tehran, həm də Vaşinqton öz mövqeyində qalır. Dünyanın diqqəti isə İranın ABŞ-ın 14 maddəlik təklifinə verəcəyi rəsmi cavaba yönəlib.
Mənbə: TrtHaber
