Bugun.tv xəbər verir ki, Azərbaycanda inklüziv şəhər mühitinin təşviqi məqsədilə “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda silsilə tədbirlər təşkil olunacaq.
Təşəbbüs şəhərlərdə bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması, xüsusilə də əlilliyi olan şəxslərin ictimai həyata sərbəst və təhlükəsiz şəkildə qoşulmasının təşviqinə xidmət edir.
Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərləri təkcə iqtisadi inkişaf mərkəzi deyil, həm də sosial inklüzivliyin təmin olunduğu əsas ictimai məkanlardan birinə çevirir. Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də inklüziv cəmiyyətin formalaşdırılmasıdır.
Qeyd olunur ki, “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” prinsipi həm Azərbaycan qanunvericiliyinə, həm də BMT-nin United Nations “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçirilir.
Tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi tərəfindən təşkil olunur.
Layihə çərçivəsində inklüziv şəhər modelləri üzrə yerli və beynəlxalq təcrübələr təqdim ediləcək, əlilliyi olan şəxslərin şəhər həyatına inteqrasiyası ilə bağlı mövcud çağırışlar və həll yolları müzakirə olunacaq. Bununla yanaşı, dövlət qurumları, qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.
- İlk tədbir 13 may tarixində saat 14:00-dan 16:00-dək Holiday Inndə,
- İkinci tədbir isə 19 may tarixində saat 10:00-dan 13:00-dək Bakı Olimpiya Stadionunun A zonasında keçiriləcək.
Kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirləri işıqlandırmağa dəvət olunublar.
