Bugun.tv-yə daxil olan məlumata görə, informasiya texnologiyaları və süni intellekt sahəsindəki inkişaf müasir dövrdə həyatın bütün sahələrinə təsir göstərərək insanların gündəlik yaşam tərzini dəyişir.
Məqalə müəllifi Fatimə Seyfullayeva bildirib ki, bir zamanlar fantastik filmlərdə görünən texnoloji yeniliklər artıq real həyatın ayrılmaz hissəsinə çevrilib. Müasir texnologiyalar insanların həyatını asanlaşdırmaqla yanaşı, informasiyanın sürətli ötürülməsi, saxlanılması və emalı sahəsində də böyük yeniliklər yaradıb.
Yazıda qeyd olunur ki, informasiya texnologiyalarının əsas məqsədi informasiyanın təhlükəsiz şəkildə ötürülməsi və qorunmasıdır. Bu istiqamətdə kiber təhlükəsizlik mühüm rol oynayır. Müəllif vurğulayıb ki, şəxsi məlumatların, bank sistemlərinin və şirkətlərin informasiya bazalarının qorunması müasir dövrün əsas prioritetlərindən biridir.
Məqalədə həmçinin qeyd edilir ki, bəzi hallarda texnologiyalardan mənfi məqsədlər üçün də istifadə olunur və müxtəlif kiberhücumlar ciddi təhlükə yaradır. Bunun qarşısını almaq üçün dövlətlər və şirkətlər təhlükəsizlik sistemlərini gücləndirirlər.
Yazıda süni intellektin müasir həyatdakı rolundan da geniş bəhs olunub. Bildirilib ki, robot texnologiyaları, ağıllı cihazlar, axtarış sistemləri, pilotsuz avtomobillər və digər texnoloji yeniliklər artıq gündəlik həyatın bir hissəsinə çevrilib.
Müəllif, həmçinin qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan azərbaycanlı alim Lütfi Zadənin bu sahəyə verdiyi töhfələri xüsusi qeyd edib.
Qeyd olunub ki, süni intellekt təhsil, tibb, biznes, reklam, nəqliyyat və hərbi sahələrdə effektivliyin artırılmasına xidmət edir. Məqalədə vurğulanır ki, artıq məktəblərdə və universitetlərdə bu istiqamətlər üzrə yeni ixtisaslar formalaşdırılır və gələcəyin peşələri məhz texnologiya üzərində qurulur.
Sonda Fatimə Seyfullayeva ümid etdiyini bildirib ki, informasiya texnologiyaları və süni intellektin inkişafı gələcəkdə insanlığa yalnız faydalı istiqamətdə xidmət edəcək.
