Bugun.tv xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası İcraiyyə Komitəsi rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və onların milli bayraq və himn altında yarışlara qatılmasına icazə verilməsi barədə qərar qəbul edib.
Məlumata görə, qərar Rusiya Gimnastika Federasiyası nəzdində fəaliyyət göstərən beş istiqaməti əhatə edir. Bunlar idman gimnastikası, bədii gimnastika, trampolin, idman akrobatikası və idman aerobikasıdır.
Xatırladaq ki, 2022-ci ilin martında Ukraynadakı münaqişə səbəbindən rusiyalı və belaruslu idmançıların federasiya tərəfindən təşkil olunan yarışlarda iştirakı dayandırılmışdı. Daha sonra qaydalar qismən yumşaldılmış, hər iki ölkənin idmançılarına neytral status altında yarışmağa icazə verilmişdi. Lakin komanda yarışlarında iştirak qadağan olaraq qalırdı. Rusiyalı və belaruslu idmançılar 2024-cü ildən etibarən neytral statusda beynəlxalq yarışlarda iştirak edə bilirlər.
Bundan əvvəl cüdo, sambo, taekvondo, kikboksinq, muay-tay, boks, MMA və güləş üzrə beynəlxalq federasiyalar da rusiyalı idmançılarla bağlı məhdudiyyətləri aradan qaldırmışdı.
Bundan əlavə, rusiyalı idmançılara Dünya Su Akvatikası – World Aquatics tərəfindən təşkil olunan yarışlarda milli bayraq altında çıxış etməyə də icazə verilib. Yeniyetmə rusiyalı idmançılar isə ağır atletika, qılıncoynatma, kerlinq, voleybol, triatlon, müasir beşnövçülük və digər idman növləri üzrə beynəlxalq yarışlarda məhdudiyyətsiz iştirak edə bilirlər.
Mənbə: TASS
