Təyyarə səfərləri zamanı sərnişinlərin eşitdiyi bəzi anonsların əslində xüsusi məna daşıdığı məlum olub. Kabin heyətinin istifadə etdiyi “ABP”, “BOB”, “Angel” və digər ifadələr fövqəladə hallar, təhlükəsizlik riskləri və sərnişinlərlə bağlı daxili ünsiyyət üçün istifadə edilir.
The Sun və digər xarici mənbələrin məlumatına görə, kabin əməkdaşları bir-biri ilə diqqət çəkmədən sürətli əlaqə yaratmaq üçün xüsusi kodlardan istifadə edir.
Məlumata əsasən, ən çox istifadə olunan kodlardan biri “ABP” ifadəsidir. Bu, “Able-Bodied Passenger” – yəni fövqəladə vəziyyətdə kömək edə biləcək fiziki cəhətdən sağlam sərnişin mənasını verir. Kabin heyəti mümkün təxliyə və ya qəza zamanı yardım göstərə biləcək şəxsləri müəyyənləşdirmək üçün bu koddan istifadə edir.
Bəzi kodlar isə daha qeyri-rəsmi xarakter daşıyır. “BOB” (“Babe on Board” və ya “Best on Board”) ifadəsi kabin heyətinin diqqətini çəkən sərnişinlər üçün işlədilən daxili zarafat xarakterli termin hesab olunur.
Digər tərəfdən, “Philip” kodunun problem yaradan və ya aqressiv davranış sərgiləyən sərnişinlər üçün istifadə edildiyi bildirilir.
Xəbərdə qeyd olunur ki, uçuş zamanı baş verən ağır hadisələr üçün də xüsusi kodlar mövcuddur.
“Code 300” və ya “Angel” ifadələri bəzi aviaşirkətlərdə sərnişinin uçuş zamanı vəfat etdiyini bildirmək üçün istifadə olunur.
Aviasiya təhlükəsizliyi ilə bağlı ən ciddi kodlardan biri isə “Squawk 7500” hesab edilir. Ekspertlərin sözlərinə görə, bu kod beynəlxalq aviasiyada təyyarə qaçırılması halını bildirmək üçün istifadə edilən rəsmi siqnaldır.
Mütəxəssislər bildirirlər ki, bu cür kodlaşdırılmış ifadələr sərnişinlər arasında panika yaratmadan kabin heyətinin operativ və koordinasiyalı işləməsinə imkan verir.
Mənbə: Ensonhaber
