Bugun.tv xəbər verir ki, Almaniyanın paytaxtı Berlinin Pankov rayonundakı meşəlik ərazidə gəzinti edən şəxs gözlənilməz tapıntı ilə qarşılaşıb. Şübhəli əşya aşkar edildikdən sonra hadisə yerinə Almaniyanın Dövlət Kriminal Polisi İdarəsinin (LKA) xüsusi bölmələri cəlb olunub.
Aparılan araşdırma zamanı meşə torpağının altında İkinci Dünya müharibəsinə aid 59 ədəd partlamamış sovet mərmisi aşkarlanıb. Mərmilərin hər birinin kalibri 122 millimetr olub və ümumi çəkisinin təxminən 1,5 ton olduğu bildirilib.
Polis hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edərək “Pankov meşəsində sadəcə odun yox imiş” ifadəsi ilə vəziyyətə yumorla yanaşıb.
Rəsmi açıqlamaya görə, tapıntı ciddi təhlükə yaratmasa da, mərmilərin təhlükəsiz şəkildə çıxarılması üçün xüsusi əməliyyat keçirilib. Mərmilər bir-bir zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb.
Mənbə: Euronews
