Bugun.tv xəbər verir ki, dünyanın aparıcı texnologiya şirkətləri süni intellektin növbəti mərhələsi hesab olunan “agent əsaslı” kompüter sistemlərinin inkişafına böyük investisiyalar yatırırlar.
CNN-in məlumatına görə, bu texnologiyalar istifadəçinin verdiyi tapşırıqları minimum müdaxilə ilə müstəqil şəkildə yerinə yetirməyə imkan verəcək.
Məlumata əsasən, Microsoft, Google, NVIDIA və digər texnologiya nəhəngləri yeni çiplər, proqram təminatları və noutbuklar üzərində işləyirlər. Məqsəd istifadəçilərin mürəkkəb tapşırıqları sadəcə sözlə ifadə etməsi və sistemin həmin tapşırıqları avtomatik şəkildə yerinə yetirməsidir.
Ekspertlərin fikrincə, gələcəyin kompüterləri elektron məktubların hazırlanması, məlumatların təhlili, səyahət planlaşdırılması və digər çoxmərhələli prosesləri insan müdaxiləsi olmadan həyata keçirə biləcək. Bu isə kompüterlərlə qarşılıqlı əlaqənin tamamilə yeni formatını formalaşdıra bilər.
CNN qeyd edir ki, texnologiya şirkətləri uzun illərdir rəqəmsal köməkçiləri inkişaf etdirməyə çalışsalar da, əvvəlki nəsil sistemlər əsasən zəngli saat qurmaq, musiqi açmaq və sadə əmrləri yerinə yetirməklə məhdudlaşırdı. Yeni süni intellekt modelləri isə daha mürəkkəb və müstəqil qərarvermə imkanları ilə fərqlənir.
Mütəxəssislər hesab edirlər ki, agent əsaslı süni intellekt sistemlərinin geniş yayılması iş proseslərini sürətləndirəcək, məhsuldarlığı artıracaq və kompüterlərdən istifadə vərdişlərini köklü şəkildə dəyişəcək. Bununla yanaşı, təhlükəsizlik, məlumatların məxfiliyi və texnologiyanın etibarlılığı ilə bağlı suallar da gündəmdə qalmaqdadır.
Mənbə: CNN
