Bugun.tv xəbər verir ki, İngiltərənin Esseks bölgəsində fəaliyyət göstərən Kismet Kebabs şirkətinin məhsullarını yanlış etiketlədiyi və istehlakçıları aldatdığı müəyyən edilib. Məhkəmə araşdırması zamanı şirkətin “quzu əti” kimi satışa çıxardığı dönər məhsullarında keçi əti, qoyun əti, hinduşka əti, dəri və yüksək miqdarda yağdan istifadə etdiyi üzə çıxıb.
Swansea Crown Məhkəməsində baxılan iş üzrə bildirilib ki, şirkət ölkə üzrə restoran və çatdırılma xidmətlərinə göndərdiyi məhsulların tərkibi barədə düzgün məlumat verməyib. Laborator analizləri nəticəsində “87 faiz quzu əti” kimi təqdim edilən dönər məhsulunun cəmi 51 faizinin ət olduğu, təxminən 40 faizinin isə yağdan ibarət olduğu müəyyənləşdirilib.
İstintaq materiallarına əsasən, şirkətin istehsal müəssisəsində aparılan yoxlamalar zamanı quzu ətinə rast gəlinməyib. Əvəzində anbarlarda böyük həcmdə quzu yağı, keçi əti, qoyun əti, dəri və digər heyvan mənşəli məhsullar aşkarlanıb.
Prokurorluq bildirib ki, müəssisə mütəmadi olaraq daha ucuz xammal alaraq onları emal edib və sonradan “quzu əti” adı altında satışa çıxarıb. Araşdırma 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlində aparılan qida təhlükəsizliyi yoxlamaları zamanı başlanıb.
Yoxlamalar zamanı istehsal, qablaşdırma və etiketləmə proseslərində çoxsaylı pozuntular aşkar edilib. Məlum olub ki, məhsulların üzərində göstərilən məlumatlarla faktiki tərkib arasında ciddi uyğunsuzluqlar mövcuddur.
Şirkət daha əvvəl “saxta məlumat verməklə dələduzluq” ittihamını qəbul edib. Məhkəmənin qərarı ilə Kismet Kebabs 500 min funt sterlinq məbləğində cərimə olunub.
Mütəxəssislər qeyd edirlər ki, bu hadisə qida məhsullarının düzgün etiketlənməsinin və istehlakçı hüquqlarının qorunmasının vacibliyini bir daha gündəmə gətirib.
Mənbə: Ensonhaber
